четверг, 3 сентября 2009 г.

Türkiyə-Ermənistan sərhədləri açılacaqmı?


Türkiyə və Ermənistan arasında paraflanan diplomatik əlaqələrin qurulması və ikitərəfli əlaqələrin inkişafına dair 2 protokol Türkiyənin ana müxalifəti – Cümhuriyyət Xalq Partiyasının Mərkəzi İdarəetmə Şurasının iclasında müzakirə edilib. İclasda çıxış edən partiya lideri Dəniz Baykal bildirib ki, protokollarda Türkiyənin atacağı addımlara dair yazılı öhdəliklər əksini tapsa da, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi haqqında öhdəlik yoxdur. O, baş nazir Rəcəb Tayyib Ərdoğanın mayın 13-də Azərbaycan parlamentindəki çıxışında Dağlıq Qarabağın işğalı sona yetməyənə qədər Ermənistanla sərhədlərin açılmayacağını dediyini xatırladıb: “Amma indi paraflanan protokollarla sərhədin açılmasını qəbul edirlər. Ermənistan isə işğal etdiyi torpaqlardan çəkiləcəyinə dair heç bir təminat vermir”.
D. Baykal bəyan edib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsə, Cümhuriyyət Xalq Partiyasının protokolların lehinə səs verməsi mümkün deyil.
MHP lideri Dövlət Baxçalı yayımladığı yazılı bir açıqlama ilə hökümətin Ermənistana yönəlik siyasətini sərt şəkildə tənqid edib və erməni tələblərinə boyun əyildiyini söyləyib. Baxçalı hökümətin protokolları müzakirə etdiyini, tələblərini qəbul etdiyini və paraflayaraq daxili hüquqa görə bağlana biləcək vəziyyətə gətirdiyini, bundan sonra protokollardakı tələblərin dəyişdirilə bilməyəcəyini vürğulayıb. Onun sözlərinə görə, protokolların imzalanması və təsdiq edilməsi üçün Türkiyə Böyük Millət Məclisinə göndərilməsi konstitusiyanın tələb etdiyi bir prosedurdur. Buna görə, baş nazir Ərdoğanın məclis təsdiqləməsə protokollar güvvəyə minməyəcək sözləri, əsas məsələdən diqqəti yayındıraraq öz ayıbını ört-basdır etmək məqsədi daşıyır. MHP lideri bildirib ki, TBMM-nin protokolları dəyişdirmək səlahiyyəti yoxdur - ya olğu kimi qəbul edəcək, ya da rədd edəcək.
Xatırladım ki, Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətlərini uzun müüdətdir ki normallaşdırmağa çalışır. Yerevan tərəfindən aparılan uydurma "erməni soyqırımı"nın tanınması ilə bağlı anti-türk kampaniyası və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı diplomatik münasibətlərin dayandırılmasına səbəb olub.
Türkiyə Prezidenti Abdulla Gül Ermənistan Prezidenti Serj Sarkisyanın Yerevana, Ermənistan və Türkiyə milli komandaları arasında Dünya çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində ötən ilin sentyabrın 6-da baş tutmuş futbol matçına gəlmək təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir. Görünür danışıqların yenidən canlanması, sərhədlər açılmayacağı təqdirdə Türkiyədəki cavab görüşünə getməyəcəyini bildirən Sarkisyanı da, beynəlxalq aləmdə elə də müsbat olmayan imicinin daha da korlanmasından qorudu. O, həmminin, onu sözünün üstündə durmayaraq Türkiyəyə səfər etməkdə günahlandıracaq Ermənistan müxalifətinin ittihamlarından da siğortalanmış oldu.
Bununla belə, Qarabağ problemi həll edilmədən Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və bu ölkələr arasında sərhədlərin açılması ciddi perspektivə malik deyil və regionda tam sabitliyə gətirib çıxara bilməz.