пятница, 28 мая 2010 г.

92 yaşlı cümhuriyyət!



Azərbaycan xalqı rus imperiyasıyla çoxillik mübarizəsi və axıtdığı şəhid qanları bahasına 28 may 1918-də öz bağımsızlığını elan etdi. Qısa bir zaman ərzində çox güclü bir dövlət quruldu. Ermənilər Qarabağdan, Zəngəzurun böyük bir hissəsindən təmizləndi. Lənkəranda rusların oyuncaq hökumət yaratmaq planının qarşısı alındı. 114 min kvadrat kilometr ərazidə Azərbaycan Cümhuriyyəti quruldu və üçrəngli bayragımız dalğalandı. Azərbaycan xalq cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmədən bütün vətəndaşlarının hüquqlarının təminatçısı oldu. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyuk naaliyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın - kişi bərabərliyini təmin edən cümhuriyyet o cümlədən milli ordu, milli pul, milli bank, azad seçkilər sahəsində uğurlar qazanmışdlr.
Nə yazıq ki, cümhuriyyətimiz gərgin ve mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşadı. Geriyə qalan isə Rəsulzadə məfkurəsi və onun səsləndirdiyi - "bir kərə yüksələn bayraq, bir daha enməz" misrası qaldı. Lakin M.Rəsulzadənin istiqlal günəşinin yenidən doğacagına inamı heç vaxt tükənməmişdir. "Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz, vətəndaşlar". Xalqımızın ürəklərdə yaşayan öndərinin dedikləri gerçək oldu və 70 il sonra Azərbaycan öz istiqlalını bərpa etdi, üçrəngli şanlı bayraq yenidən başımızın tacına çevrildi.
Cümhuriyyəti quranlar azadlığı canlarından şirin bildilər! Məmmədəmin Rəsulzadə və onun silahdaşları millətimizə azadlığın tamını dadızdırdılar! Bu azadlığa və üçrəngli bayrağa layiq olmaq arzusuyla bütün həmvətənlərimi istiqlal günü münasibətilə təbrik edirəm!