четверг, 3 января 2008 г.

İQTİSADİYYAT

"BİR PƏNCƏRƏ" SİSTEMİNİN TƏQDİMATI KEÇİRİLİB

Dekabrın 29-da Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentində Azərbaycanda sahibkarlığın inkişafında mühüm mərhələ olan "bir pəncərə" sisteminin təqdimat mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Vergilər naziri Fazil Məmmədov bildirdi ki, dövlət başçısının "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" 2007-ci il 30 aprel tarixli Fərmanı və "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" 2007-ci il 25 oktyabr tarixli Sərəncamına uyğun olaraq, elektron hökumətin əsas elementlərindən olan "bir pəncərə" sistemi məlumatların bir mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla, bütün inzibati qeydiyyatların tamamilə sinxronlaşdırılmasını nəzərdə tutur.
Bu prinsip ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədi ilə 2008- ci il yanvarın 1-dən tətbiq olunacaqdır. Qeyd edilib ki, dövlətimizin başçısının iştirakı ilə kommersiya hüquqi şəxsi dövlət qeydiyyatına alınıb. O da bildirildi ki, burada bütün məlumat kitabçaları qoyulub, elektron məlumat terminalları da sahibkarlara xidmət edir. Sistem vasitəsilə şəffaflıq tam təmin edilib və tətbiq olunan təcrübəyə görə, ölkəmiz Şərqi Avropa ölkələrini qabaqlayır.
"Bir pəncərə" sisteminin tətbiqindən sonra biznesini qeydiyyatdan keçirmək istəyən sahibkar, əvvəllər olduğu kimi 72 deyil, 3 gün gözləyəcək və tələb olunan prosedurların sayı 15-dən 5-ə qədər azaldılacaqdır. Sahibkarlar sənədlərini yalnız bir dövlət orqanına - Vergilər Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçəcəklər.
Sonra respublikanın bölgələrində fəaliyyət göstərən ərazi vergi orqanları ilə canlı bağlantı yaradılıb. Naxçıvan Muxtar Respublikası, Sumqayıt və Gəncə üzrə məruzələr dinlənilib.
Prezident İlham Əliyev bayramlar münasibətilə ərazi vergi orqanlarının əməkdaşlarını təbrik edərək deyib: "Mən şadam ki, yeni il ərəfəsində Azərbaycanda belə gözəl mərkəzlər yaradılıb, fəaliyyətə başlayır və sahibkarlara gözəl xidmət göstərəcəkdir. Əminəm ki, bu sistem tam şəkildə işə düşəndən sonra Azərbaycanda sahibkarlıqla məşğul olmaq istəyənlərin sayı daha da artacaqdır. Artıq bütün bürokratik əngəllər aradan qaldırıldı, ən sadələşdirilmiş sistem tətbiq edilir. ?Bir pəncərə? sistemi dünyada ən mütərəqqi praktikadır. Əminəm ki, həm şəffaflıq təmin olunacaq, həm də sahibkarlıqla məşğul olmaq istəyənlər üçün daha yaxşı şərait yaradılacaq və bu sistemin işə düşməsindən sonra Azərbaycanda bütövlükdə iqtisadi inkişaf daha da yüksək sürətlə davam etdiriləcəkdir. Azərbaycanda bütün sahələrdə ən müasir praktika tətbiq olunmalıdır. Biz bəzi hallarda dünyada ən gözəl təcrübəni götürüb istifadə edirik, bəzi hallarda isə inkişaf etmiş bir neçə ölkədən bir addım qabaqdayıq. Azərbaycan, bu cür inkişaf etməlidir. İndi mən bütün regionlarda olan şəraiti, təchiz edilmiş bütün müasir avadanlıqları görürəm. Əminəm ki, bütün regionlarda insanlara, sahibkarlara çox gözəl xidmət göstəriləcəkdir".

1 комментарий:

waving the flag комментирует...

Men bu yazini oxudum. Ilk olaraq demek isteyirem ki, olkemiz musteqillik elde etdikden sonra insan fealiyyetini eks etdiren butun sahelerde inkiaf hiss olunur. Odur ki, dunya tecrubesinde "Bir Pencere Sistemi: kimi meshurlasan alnayisin Azerbaycan iqtisadiyyatinda tetbiqi 4ox tedqirelayiqdir. Bu yazida bu sistemin aspektleri haqqinda melumatlarin verilmesini qenaetbexs hesab edirem. Bu kimi yazilarin metbuatda isiqlandirilmasi, onlarin xususiyyetleri barede oxuculara melumat verilmesi yuksek qiymetlendirilmelidir.