вторник, 26 февраля 2008 г.

Azərbaycan Xocalı Soyqırımının il dönümünü qeyd edir






Bu gün Azərbaycanda Xocalı soyqırımının 16-cı ildönümü qeyd edilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın azərbaycanlı əhalisinin sayına görə ikinci yaşayış məntəqəsi olan Xocalı şəhəri Rusiya ordusunun 366-cı motoatıcı polkunun hərbiçiləri və döyüş texnikasının iştirakı ilə erməni separatçıları tərəfindən zəbt edilib.
Bu gün səhərdən prezident İlham Əliyev və digər dövlət rəhbərləri, hökumət üzvləri, parlament deputatları, ictimaiyyət nümayəndələri paytaxtın Xətai rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəyə baş çəkiblər, həlak olanların xatirəsini anıblar. Abidə yenidən qurulub. Postamentdə bütün qurbanların adları həkk olunub.
* Hər il fevralın 25-26-da Azərbaycan vətəndaşları Xocalı soyqırımının ildönümünü qeyd edirlər. Həmin vaxt erməni təcavüzkarları Rusiya hərbiçilərinin yardımı ilə şəhəri zəbt ediblər və qadınlar (onların arasında hamilə qadınlar da olub), uşaqlar və yaşlılar da daxil olmaqla, yüzlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. Dinc əhalinin məhvi hələ bir neçə gün davam edib, vəhşi təcavüzkarlar əsirlərə işgəncə verir və öldürürdülər, qadınları və uşaqları zorlayırdılar, hərbi əsirlərin başlarını kəsir və asırdılar.
Ümumilikdə 600-dən çox silahsız insan qətlə yetirilib. Onlardan 106 nəfəri qadın və 83 nəfəri uşaqdır. Minə yaxın insan müxtəlif dərəcəli əlil olub (onlardan 76 nəfəri həddi-buluğa çatmayanlardır), 1275 nəfər əsir götürülüb. Onlardan çoxunun taleyi hələ də məlum deyil.
Xocalı faciəsinin dəhşətləri yerli və xarici jurnalistlər tərəfindən çəkilmiş və bütün dünyanı dolanmış foto və videokadrlarda əks olunub.
İnsanlığa qarşı bu cinayəti törətmiş erməni separatçılarının və rus zabitlərinin adları və soyadları müəyyən edilib. Onların hamısı bu günə qədər azadlıqdadır və Rusiya, Ermənistan və Qarabağda yaşayırlar.
Azərbaycanın Milli Məclisi bir neçə dəfə beynəlxalq ictimaiyyətə, dünyanın hökumət və parlamentlərinə Xocalı soyqırımını tanımaq və pisləmək çağırışı ilə xüsusi bəyanatlar qəbul edib.

Комментариев нет: