вторник, 22 марта 2011 г.

Özgürlük savaşı və neft..

Son vaxtlar bütün dünyanın gözü ərəb dünyasında cərəyan edən hadisələrdədir. Hamı burada ildırım sürətilə bir-birini əvəz edən xalq hərəkatları nəticəsində iqtidarların dəyişməsini seyr edir. Öncə Tunis və Misirdə xalqın iradəsi uzunömürlü diktatorları tarixin arxivinə gömdü. Ardınca isə bu dalğa Yəmən, İordanya, Suriya, Bəhreyn və Liviyanı da bürüdü. Lakin zənnimcə Liviyada baş verən hadisələr və dünya birliyinin ona reaksiyası digərlərindən bir qədər fərqlidir. Tunis və Misirdən fərqli Liviya zəngin neft-qaz ehtiyyatlarına malikdir. Həmçinin Mübarək və Ben Alidən fərqli olaraq Qəddafini Qərb dünyası ilə heç bir şey bağlamır. Digər tərəfdən Liviyadakı hadisələrə Misir və Tunisdən fərqli olaraq Twitter və Facebook inqilabı adını vermək çətindir.
Dünyada neftin önəmli siyasi təzyiq vasitəsitələrindən biri olduğunu desək yanlış söyləmiş olmarıq. İlk petrol savaşında Osmanlı İmperiyası darmadağın edildi, ikincisindən sonra Avropa yeni forma aldı, hazırda üçüncü paylaşım gedir. Hazırda dünyada neft-qaz və su yolları uğrunda savaş gedir. Kondaliza Raysın 8 il öncə dediklərini xatırlayaq: "Mərakeşdən Pakistana 22 ölkənin sərhədləri dəyişəcəkdir". Bəlkə sərhədlər olduğu kimi qalacaq, amma rejimlərin (söz sahiblərinin) dəyişməsi labüddür.
Dünyanın neft ehtiyyatının 266 mlrd. barreli Səudiyyənin, 136 mlrd. barreli İranın, 115 mlrd. barreli İraqın, 46 mlrd. barreli Liviyanın payına düşür.
Corc Sorosa görə bu coğrafiyada neft diktatorları devriləcək yerinə demokratiya gələcək. 2003-də İraqa "demokratiya" gəldi. Sırada Liviyadır.
Hərçənd, 2009-da Hillari Klinton Qəddafinin şıltaqlığı ilə məşhur oğlu Mütəssim Bilalı (yaxınları onu Hannibal deyə çağırır) hörmətli bir qonaq olaraq qəbul etmiş və haqqında xoş sözlər söyləyərək Liviyayla əməkdaşlığın önəmindən bəhs etmişdir.
Bu gün hamı Qəddafi rejiminin sadə liviyalılara etdiyi zülmdən, onu istəməyən müxalifləri qətlə yetirməsindən danışır. Əcaba 42 illik diktatorluğu ərzində Qəddafi sadə liviyalıları gül-çiçək içindəmi yaşadırdı? Bəyəm 1969-cu ildə monarxiyanı devirib hakimiyyəti gələn 27 yaşlı kapitan Qəddafini ilk dəstəkləyən ABŞ və B.Britaniya olmadımı? Təbii ki, bununla onlar ölkədə öz nüfuzlarını qoruyub saxlamaq məqsədi güdürdülər. Lakin, Vaşinqton və Londonu qarşıda heş də xoş xəbərlər gözləmirdi. 7 oktyabr 1969-da Liviyanın BMT-dəki daimi nümayəndəsi hökumətin ölkə ərazisində olan bütün xarici hərbi bazaları ləğv etmək niyyətində olduğunu bildirdi. Bunun ardınca 1970-ci ildə ölkə ərazisindəki bütün banklar milliləşdirildi. Sonda isə növbə neft sənayesinə çatdı. Bu isə, Liviyanın neft sənayesinə külli miqdarda vəsait yatırmış Qərb şirkətlərinə zərbə idi. Nəzərə alaq ki, fars körfəzində çıxarılan neftdən fəqli olaraq Liviya neftini Süveyş boğazından keçirib əlavə xərc çəkməyə eytiyac yox idi.
2011-ci ilin fevral hadisələrinədək Liviyada alıcılıq qabiliyyətinə əsasən hesablanmış adam başına düşən ümümdaxili məhsul 13800 dollar təşkil edirdi. Bu, Misir və Əlcəzairdəkindən iki dəfə, Tunisdəkindən isə yarım dəfə çoxdur. Eyni zamanda Liviya insan inkişafına və uzunömürlülüyə (77 yaş) görə Afrika dövlətləri arasında ilk sıranı tutur. Qəddafi rejiminin dəyişdirilməsinə daha bir siqnal, onun 2009-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında etdiyi 75 dəqiqəlik çıxışın olduğunu desək yanılmarıq. Çıxışı zamanı o aparıcı dünya dövlətlərini rasizm və terrorizmdə ittiham etmişdi.

Liviyaya hərbi müdaxilədə ən çox canfəşanlıq edən ölkələrdən biri Farnsadır. Qəddafinin Sarkozini iştirakçısı olduğu korrupsiya əməllərini ictimaiyyətə açıqlamaqla hədələməsi bəlkə də səbələrdən biridir. Sarkozi üçün bu nəinki siyasi karyeranın iflası, hətta bir neçə il məhbəs həyatı ola bilər. Liviyaya hərbi müdaxilədə diqqət çəkən başqa bir məqam da var. Bu Obamanın rəhbərliyində ABŞ-ın yürütdüyü siyasətdir. Əğər xatırlasaq ki, kiçik Buş İraq və Əfqanısatana yalnız ABŞ və ingilis əskərləinə arxalanaraq girmişdi, Liviyada Obama bunu koaliyasi qüvvələri şəklində etmək niyyətindədir. Bir də təkbaşına hərbi gücdən istifadə maddi cəhətdən ABŞ-a çox baha başa gəlir. Maraqlısı odur ki, Liviyada qarşıdurmalar təzə başlayarkən müxaliflər heç bir xarici dəstəyə və müdaxiləyə ehtiyac duymadıqlarını bildirmişdilər.
Diqqət çəkən başqa bir məqam BMT Baş Assambleyasında Liviyaya qarşı çıxarılan qətnaməni Braziliya, Almaniya, Hindistan, Rusiya və Çinin dəstəkləməməsidir. Görünür bu ölkələr sadə liviyalıların taleyinə "biganə"dirlər və Qəddafinin timsalında özləri üçün təhlükə hiss etmirlər.
Təbii ki, Qəddafi kimi diktatorlara, xalqına zülm edənlərə müasir dünyada yer yoxdur və Liviya xalqı da azad yaşamağa layiqdir. Lakin Qəddafi rejimi beləmi devrilməlidir? Zənnimcə yox, çünki sadə liviyalılar bu müharibənin acısını hələ çox çəkəcəklər. Bütün olanların əsas günahkarının Qəddafinin olduğu aydındır, ancaq Qərb də öz addımlarında heç də səmimi görünmür.
BMT-nin qətnaməsi atəşkəs elan edilməsi və dinc əhalini qorumaq üçün qəbul edilib. Baxmayaraq ki, bundan dərhal sonra polkovnik təktərəfli şəkildə atəşkəs elan etdiyini bildirdi, bu hava zərbələrinin qarşısını almadı. Təəssüf ki, bombardmanlar zamanı dinc əhali arasında da itkilər oldu. Bir də koalisiya üzvlərinin Qəddafinin atəşkəs sözünə inanmırıq deməsi təəccüb doğurur. Bu arada Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əmr Musa da Liviyaya qarşı yönəlmiş hərbi əməliyyatları pislədi və onun məqsədlərini aşdığıni bildirdi. Ümumiyyətlə ƏDL son zaman öz ziddiyətli bəyanatları ilə nüfuzunu xeyli itirib. Türkiyə və Rusiyada əməliyyatları pisləyərək dərhal atəşkəs elan edilməsini tələb ediblər. Putinin Liviyaya qarşı əməliyyatları orta əsrlərdəki xaçlı yürüşlərinə bənzətməsi isə bir çox sualları açıq qoyur..
Məsələ aydındır, Qəddafi getməlidir və gedəcək! Çox güman ki, onu da Səddamın taleyi gözləyir. Artıq düyməyə basılıb və geriyə yol yoxdur. Tezliklə Liviya da demokratikləşəcək (Qəddafi klanı məhv edildikdən sonra), amma sadə liviyalılar bu demokratiyanın meyvələrini hələ belə tezliklə dərə bilməyəcəklər..

Комментариев нет: