четверг, 23 апреля 2009 г.

MEDVEDEV VƏ SARKİSYAN QARABAĞDAN DANIŞIBLAR


Rusiya və Ermənistan prezidentləri cümə axşamı Moskvada danışıqları zamanı Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı nikbinliklərini ifadə ediblər. Görüş başa çatdıqdan sonra Dmitri Medvedev bildirib ki, Qarabağ məsələsinin həllində ümidverici irəliləyiş var.
“Hesab edirəm ki, ümumiyyətlə, biz indi düzgün istiqamətdəyik”, deyə Medvedev bildirib. O həmçinin əlavə edib ki, tərəflər bu mürəkkəb problemin həlli üçün konstruktiv istiqamətdə irəliləməyə hazırdırlar.
Öz növbəsində, Serj Sarkisyan qeyd edib ki, bu gün münaqişənin nizamlanması məsələsi bütün beynəlxalq hüquq normaları çərçivəsində aparılır. “Bu məsələnin həllində irəliləmək imkanı yaranıb”, deyə o bildirib.
Beynəlxalq normalardan söz düşmüşkən. Azərbaycan tərəfidə öz mövqeyində beynəlxalq norma və prinsiplərə əsaslandığını bildirir. Görünür Ermənistan bu normalar "emənisayağı" başa düşülür.

понедельник, 20 апреля 2009 г.

RƏCƏP T. ƏRDOĞAN SƏRHƏD MƏSƏLƏSİNƏ SON QOYDU


Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan sərhəd mövzusundakı müzakirə və mübahisələrə nöqtə qoyub. “Qarabağ problemi həll olunmadan Ermənistanla sərhəddin açılmasını unudun”. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
ABŞ prezidenti Barack Obamanın Ankara ziyarəti, ardından Ermənistan prezidenti Serj Sarkisyanın - "Sərhədlərin bu il oktyabrdakı milli matça qədər açılmasını ümid edirik" - şəklində sözləri, Baş nazir Ərdoğanın eyni gün erməni işğalı altındaki Qarabağ torpaqları azad edilmədən Türkiyənin Yerevanla yekun anlaşmaya gələ bilməyəcəyi açıqlaması, xarici işlər naziri Əli Babacanın Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirakı ve son olaraq İlham Əliyevin cümə günü Moskvaya getməsi, əslində problemin nə qədər çoxşaxəli, qarışıq və iç-içə girmiş olduğunu göstərir.

İLHAM ƏLİYEV DAĞLIQ QARABAĞA ÖZÜNÜİDARƏETMƏ VƏD EDİR


Prezident İlham Əliyev şənbə günü Rusiyanın “Vesti” telekanalına müsahibəsində Bakının Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-mümkünlüyü barədə məlum mövqeyini təkrar edib. Bununla belə, Azərbaycan prezidenti Bakının Azərbaycanın ərazi bütövlüyü çərçivəsində güzəştlərə hazır olduğunu bildirib, bu zaman mümkün kompromisslərin təxmini çərçivəsini cızıb.
Azərbaycanın Dağlıq Qarabağ üzrə mövqeyində “hazırda orada yaşayan və yaşayacaq olan insanların təhlükəsizliyi də əksini tapır; Dağlıq Qarabağın yerli özünüidarəetmə məsələləri də əksini tapır; Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələləri də əksini tapır”, deyə Əliyev qeyd edib. Azərbaycan prezidenti vurğulayıb ki, bu kontekstdə “Dağlıq Qarabağın statusu haqqında qərar müəyyən müddətlik təxirə salına bilər”. “Dağlıq Qarabağın statusu haqqında birtərəfli qərar ola bilməz. Azərbaycan Dağlıq Qarabağın Azərbaycandan hüquqi olaraq ayrılması mexanizmini nəzərdə tutan proseslərdə heç vaxt iştirak etməyəcək. Bu, bizim birmənalı mövqeyimizdir”, deyə Əliyev bildirib.
“Münaqişənin nəticələrini aradan qaldırmaq lazımdır, erməni silahlı qüvvələrinin keçmiş Dağlıq Qarabağ muxtar respublikasının inzibati sərhədləri ətrafında yerləşən ərazilərdən çıxarılmasına nail olmaq lazımdır. Amma mərhələli şəkildə…”, deyə o, sözünə davam edib. Məncə, İlham Əliyevin - mərhələli - kəlməsini istifadə etməsi yumşaqlıq göstərmək məqsədi güdür. Biz buna güzəşt də deyə bilərik.
Onun sözlərinə görə, Bakı da “erməni tərəfinin bu məsələlərə konstruktiv əhval-ruhiyyədə və o cümlədən, beynəlxalq hüquq nöqteyi-nəzərdən yanaşacağına” ümid edirlər. Ona görə ki, beynəlxalq hüquq normaları çərçivəsindən kənar bu məsələnin həlli mümkün olmayacaq. “Biz Ermənistan üçün Ermənistan və Dağlıq Qarabağ arasında yerüstü əlaqənin vacibliyini anlayırıq. Bu məsələdə heç bir problem görmürük. Laçın dəhlizi ilə bağlı məsələlər də səmərəli həll edilə bilər - elə bir şəkildə ki, bu gün Dağlıq Qarabağda yaşayanlar və münaqişənin nizamlanmasından sonra oraya qayıdacaq Azərbaycan əhalisinin heç bir narahatlığı olmasın”, deyə Əliyev əlavə edib.
“Eyni zamanda, biz başa düşürük ki, münaqişənin həll edilməsi üçün orada yaşayan insanlar özlərini təhlükəsiz hiss etməlidirlər; özünüidarə imkanına malik olmalıdırlar; öz həyatlarını yaşamalıdırlar. Bizim bu mənada nə isə diktə etmək və ya onların həyatına qarışmaq cəhdimiz yoxdur. Yəni, düşünürəm ki, bu amillərin birləşdirilməsi nizamlanma prosesində sıçrayışa gətirib çıxara bilər”, deyə o bildirib.
Prezident yerli özünüidarəetmədən xeyli danışsa da, konkret olaraq özünüidarəetmə deyəndə nəyi nəzərdə tutduğunu açıqlamayıb. Eyni zamanda, Laçın dəylizi ətrafında gedən müzakirələrin nədən ibarət olduğu, prezidentin dediyi Daglıq Qarabağla Ermənistan arasında quru əlaqəsinin hansı şəkildə, kimin nəzarəti altinda həyata keçiriləcəyi qaranlıq olaraq qalır.
Görünür Rusiyaya təklif edilən - Qarabağın əvəzinə qaz - formulunu reallaşdırmaq heç də zahirən göründüyü kimi asan olmayacaq. Ən azı ona görə ki. Rusiya Ermənistan kimi forpostunu Türkiyə və Qərbə qurban vermək istəməyəcək.

среда, 1 апреля 2009 г.

AZƏRBAYJANLILARIN SOYQIRIM GÜNÜ


Dünən Azərbaycanda Azərbaycanlıların soyqırımı günü qeyd edildi.
1918-ci il martın 31-də Bakıda “Daşnaksütyun” partiyasının (Ermənistanın “Daşnaksütyun” inqilabçı federasiyası) birləşmələri Bakı kommunasının bolşevik rəhbərliyinin dəstəyi ilə türk məhəllələrində silahsız dinc əhaliyə qanlı divan tutdular. Kontrinqilaba qarşı mübarizə bəhanəsi ilə dinc Azərbaycan əhalisinin məhvinə başlandı. Bu zaman hətta gəmi artilleriyasından da istifadə olunurdu. Bu vəhşi aksiya nəticəsində 12 minə yaxın insan həlak oldu.
Bakıda qarışıqlıqlar martın 30-dan aprelin 2-dək davam edib. Bu vaxt ərzində Bakıda və ona bitişik yaşayış məntəqələrində 50 minə yaxın insan qətlə yetirilib, məscidlər, məktəblər, memarlıq abidələri məhv edilib.
Şəhərin müsəlman əhalisinin qırğınlarına Bakının İnqilabi Müdafiə Komitəsinin sədri Stepan Şaumyan rəhbərlik edirdi. Bakıda Qırmızı Ordu qərargahının rəisi daşnak partiyasının üzvü, polkovnik Z.Avetisyan idi.
Bakı qəzasında (Bakı quberniyasının şərq hissəsi) etnik təmizləmələrdən sonra dinc əhalinin qırılması Şamaxı, Quba qəzalarında və Azərbaycanın digər raoynlarında da davam etdirilib.
Əhalinin təhlükəsizliyi yalnız sentyabrın 15-də İslam ordusunun gəlişindən sonra bərpa edilib.
Mart hadisələrinin araşdırılmasında Azərbaycan milli qüvvələrinin də əvəzsiz rolu olub. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən (28 may 1918-ci il) dərhal sonra, milli hökumət hələ Gəncədə yerləşən zaman, 1918-ci il iyulun 15-də Zaqafqaziyada müsəlman əhalisinə qarşı zorakılıq aktlarının araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası (FİK) yaradıldı. Komissiyanın rəhbəri vəzifəsinə andlı müvəkkil Ələkbər bəy Xasməmmədov təyin edilmişdi.
Komissiya 1920-ci ilin əvvəllərinə qədər fəaliyyət göstərib və bu dəhşətli cinayətlərin şahidlərinin ifadələrindən çox böyük həcmdə material yığıb. Onlar arasında müxtəlif millətlərin - rusların, yəhudilərin, polyakların, gürcülərin və hətta ermənilərin nümayəndələrinin olması çox vacib faktdır.
FİK-in materiallarının xüsusi dəyəri ondadır ki, onlar dövlət orqanları tərəfindən yığılıb. FİK-in tərkibinə həmin dövrün ən yaxşı hüquqşünasları və müxtəlif millətlərin nümayəndələri daxil idi. Bu amillər FİK-in səlahiyyətliliyinə və qərəzsizliyinə dəlalət edir. Xüsusən, Komissiyanın tərkibində Gəncə hakimi Nikolay Mixaylov, Gəncə Dairə Məhkəməsinin üzvü Məhyəddin bəy Şahmalıyev, Gəncə Dairə Məhkəməsinin üzvü İsmayıl bəy Şahmalıyev, həqiqi mülki müşavir V.Qudvil, andlı müvəkkil Aley Litovski, Gəncə Dairə Məhkəməsinin prokuror müavini Çeslav Klossovski və başqaları işləyirdilər.
1918-ci il mart-aprel hadisələri xalqın faciəvi tarixinin səhifələrindən yalnız biri idi. XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı soyqırımın qurbanı olub və deportasiyaya məruz qalıb. Azərbaycanlıların tarixi ərazilərindən çıxarılması prosesi hələ XIX əsrdə Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra başlayıb. Deportasiya siyasəti Sovet hakimiyyəti illərində də davam edib. Belə ki, 1948-53-cü illərdə SSRİ rəhbərliyinin qərarı ilə yüz minlərlə azərbaycanlı Ermənistandan çıxarılıb. Etnik təmizləmələrin yeni dövrü XX əsrin 80-ci illərinin sonlarına təsadüf edir, həmin vaxt erməni təcavüzü nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib və yaralanıb, yüz minlərlə azərbaycanlı isə qaçqına çevrilib.