понедельник, 20 апреля 2009 г.

İLHAM ƏLİYEV DAĞLIQ QARABAĞA ÖZÜNÜİDARƏETMƏ VƏD EDİR


Prezident İlham Əliyev şənbə günü Rusiyanın “Vesti” telekanalına müsahibəsində Bakının Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-mümkünlüyü barədə məlum mövqeyini təkrar edib. Bununla belə, Azərbaycan prezidenti Bakının Azərbaycanın ərazi bütövlüyü çərçivəsində güzəştlərə hazır olduğunu bildirib, bu zaman mümkün kompromisslərin təxmini çərçivəsini cızıb.
Azərbaycanın Dağlıq Qarabağ üzrə mövqeyində “hazırda orada yaşayan və yaşayacaq olan insanların təhlükəsizliyi də əksini tapır; Dağlıq Qarabağın yerli özünüidarəetmə məsələləri də əksini tapır; Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələləri də əksini tapır”, deyə Əliyev qeyd edib. Azərbaycan prezidenti vurğulayıb ki, bu kontekstdə “Dağlıq Qarabağın statusu haqqında qərar müəyyən müddətlik təxirə salına bilər”. “Dağlıq Qarabağın statusu haqqında birtərəfli qərar ola bilməz. Azərbaycan Dağlıq Qarabağın Azərbaycandan hüquqi olaraq ayrılması mexanizmini nəzərdə tutan proseslərdə heç vaxt iştirak etməyəcək. Bu, bizim birmənalı mövqeyimizdir”, deyə Əliyev bildirib.
“Münaqişənin nəticələrini aradan qaldırmaq lazımdır, erməni silahlı qüvvələrinin keçmiş Dağlıq Qarabağ muxtar respublikasının inzibati sərhədləri ətrafında yerləşən ərazilərdən çıxarılmasına nail olmaq lazımdır. Amma mərhələli şəkildə…”, deyə o, sözünə davam edib. Məncə, İlham Əliyevin - mərhələli - kəlməsini istifadə etməsi yumşaqlıq göstərmək məqsədi güdür. Biz buna güzəşt də deyə bilərik.
Onun sözlərinə görə, Bakı da “erməni tərəfinin bu məsələlərə konstruktiv əhval-ruhiyyədə və o cümlədən, beynəlxalq hüquq nöqteyi-nəzərdən yanaşacağına” ümid edirlər. Ona görə ki, beynəlxalq hüquq normaları çərçivəsindən kənar bu məsələnin həlli mümkün olmayacaq. “Biz Ermənistan üçün Ermənistan və Dağlıq Qarabağ arasında yerüstü əlaqənin vacibliyini anlayırıq. Bu məsələdə heç bir problem görmürük. Laçın dəhlizi ilə bağlı məsələlər də səmərəli həll edilə bilər - elə bir şəkildə ki, bu gün Dağlıq Qarabağda yaşayanlar və münaqişənin nizamlanmasından sonra oraya qayıdacaq Azərbaycan əhalisinin heç bir narahatlığı olmasın”, deyə Əliyev əlavə edib.
“Eyni zamanda, biz başa düşürük ki, münaqişənin həll edilməsi üçün orada yaşayan insanlar özlərini təhlükəsiz hiss etməlidirlər; özünüidarə imkanına malik olmalıdırlar; öz həyatlarını yaşamalıdırlar. Bizim bu mənada nə isə diktə etmək və ya onların həyatına qarışmaq cəhdimiz yoxdur. Yəni, düşünürəm ki, bu amillərin birləşdirilməsi nizamlanma prosesində sıçrayışa gətirib çıxara bilər”, deyə o bildirib.
Prezident yerli özünüidarəetmədən xeyli danışsa da, konkret olaraq özünüidarəetmə deyəndə nəyi nəzərdə tutduğunu açıqlamayıb. Eyni zamanda, Laçın dəylizi ətrafında gedən müzakirələrin nədən ibarət olduğu, prezidentin dediyi Daglıq Qarabağla Ermənistan arasında quru əlaqəsinin hansı şəkildə, kimin nəzarəti altinda həyata keçiriləcəyi qaranlıq olaraq qalır.
Görünür Rusiyaya təklif edilən - Qarabağın əvəzinə qaz - formulunu reallaşdırmaq heç də zahirən göründüyü kimi asan olmayacaq. Ən azı ona görə ki. Rusiya Ermənistan kimi forpostunu Türkiyə və Qərbə qurban vermək istəməyəcək.

Комментариев нет: