среда, 1 апреля 2009 г.

AZƏRBAYJANLILARIN SOYQIRIM GÜNÜ


Dünən Azərbaycanda Azərbaycanlıların soyqırımı günü qeyd edildi.
1918-ci il martın 31-də Bakıda “Daşnaksütyun” partiyasının (Ermənistanın “Daşnaksütyun” inqilabçı federasiyası) birləşmələri Bakı kommunasının bolşevik rəhbərliyinin dəstəyi ilə türk məhəllələrində silahsız dinc əhaliyə qanlı divan tutdular. Kontrinqilaba qarşı mübarizə bəhanəsi ilə dinc Azərbaycan əhalisinin məhvinə başlandı. Bu zaman hətta gəmi artilleriyasından da istifadə olunurdu. Bu vəhşi aksiya nəticəsində 12 minə yaxın insan həlak oldu.
Bakıda qarışıqlıqlar martın 30-dan aprelin 2-dək davam edib. Bu vaxt ərzində Bakıda və ona bitişik yaşayış məntəqələrində 50 minə yaxın insan qətlə yetirilib, məscidlər, məktəblər, memarlıq abidələri məhv edilib.
Şəhərin müsəlman əhalisinin qırğınlarına Bakının İnqilabi Müdafiə Komitəsinin sədri Stepan Şaumyan rəhbərlik edirdi. Bakıda Qırmızı Ordu qərargahının rəisi daşnak partiyasının üzvü, polkovnik Z.Avetisyan idi.
Bakı qəzasında (Bakı quberniyasının şərq hissəsi) etnik təmizləmələrdən sonra dinc əhalinin qırılması Şamaxı, Quba qəzalarında və Azərbaycanın digər raoynlarında da davam etdirilib.
Əhalinin təhlükəsizliyi yalnız sentyabrın 15-də İslam ordusunun gəlişindən sonra bərpa edilib.
Mart hadisələrinin araşdırılmasında Azərbaycan milli qüvvələrinin də əvəzsiz rolu olub. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən (28 may 1918-ci il) dərhal sonra, milli hökumət hələ Gəncədə yerləşən zaman, 1918-ci il iyulun 15-də Zaqafqaziyada müsəlman əhalisinə qarşı zorakılıq aktlarının araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası (FİK) yaradıldı. Komissiyanın rəhbəri vəzifəsinə andlı müvəkkil Ələkbər bəy Xasməmmədov təyin edilmişdi.
Komissiya 1920-ci ilin əvvəllərinə qədər fəaliyyət göstərib və bu dəhşətli cinayətlərin şahidlərinin ifadələrindən çox böyük həcmdə material yığıb. Onlar arasında müxtəlif millətlərin - rusların, yəhudilərin, polyakların, gürcülərin və hətta ermənilərin nümayəndələrinin olması çox vacib faktdır.
FİK-in materiallarının xüsusi dəyəri ondadır ki, onlar dövlət orqanları tərəfindən yığılıb. FİK-in tərkibinə həmin dövrün ən yaxşı hüquqşünasları və müxtəlif millətlərin nümayəndələri daxil idi. Bu amillər FİK-in səlahiyyətliliyinə və qərəzsizliyinə dəlalət edir. Xüsusən, Komissiyanın tərkibində Gəncə hakimi Nikolay Mixaylov, Gəncə Dairə Məhkəməsinin üzvü Məhyəddin bəy Şahmalıyev, Gəncə Dairə Məhkəməsinin üzvü İsmayıl bəy Şahmalıyev, həqiqi mülki müşavir V.Qudvil, andlı müvəkkil Aley Litovski, Gəncə Dairə Məhkəməsinin prokuror müavini Çeslav Klossovski və başqaları işləyirdilər.
1918-ci il mart-aprel hadisələri xalqın faciəvi tarixinin səhifələrindən yalnız biri idi. XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı soyqırımın qurbanı olub və deportasiyaya məruz qalıb. Azərbaycanlıların tarixi ərazilərindən çıxarılması prosesi hələ XIX əsrdə Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra başlayıb. Deportasiya siyasəti Sovet hakimiyyəti illərində də davam edib. Belə ki, 1948-53-cü illərdə SSRİ rəhbərliyinin qərarı ilə yüz minlərlə azərbaycanlı Ermənistandan çıxarılıb. Etnik təmizləmələrin yeni dövrü XX əsrin 80-ci illərinin sonlarına təsadüf edir, həmin vaxt erməni təcavüzü nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib və yaralanıb, yüz minlərlə azərbaycanlı isə qaçqına çevrilib.

Комментариев нет: